Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, həbs edilən erməni hərbi qulluqçunun etiraflarına görə, ölən Narek Adıbekyan adlı erməni əsgər onu 3 ay müddətinə təqib edib, döyüb və daha sonra təcavüz edib.
2017-ci il dekabrın 11-də valideynlərinin ünvanına söyüş və təhqirlər eşitdikdən sonra, o, silahını xəlvət şəkildə dolduraraq, ən azı 8 dəfə tək-tək atəş açmaqla Adibekyanı öldürüb.
Saxlanılan hərbi qulluqçunun bacısı qeyd edib ki, əgər baş verənlərə 3 ay dözərək, Adibekyanı öldürübsə yaxşı edib: "Bəs nə etməli idi? Özünü öldürməli idi, indi deyillər ki, zəif olub ki, onunla belə davranıblar, intihar etsəydi daha zəif olardı".
Məlumatda kəndin adı, hadisəni törədən hərbi qulluqçunun adı, soyadı valideynlərinin xahişi ilə qeyd edilməyib. Şərti olaraq hərbi qulluqçu M.M deyə adlandırılıb.
Siqareti ovucunda söndürüb, külünü də elə ovucuna tökürlərmiş
Erməni əsgərin valideynləri övladlarının nə üçün atəş açmasından məlumatsızdırlar. Anasının ürək xəstəliyinə görə hadisənin utancverici detallarını onlardan gizli saxlayıblar. O, hadisədən 2 gün sonra məlumat alıb.
"Hadisə 11 dekabrda baş verib, bizə isə 13 dekabrda zəng edərək deyiblər ki, sizin uşağınız əsgər öldürüb", - deyə erməni əsgər anası bildirib.
Onun sözlərinə görə, sonrakı aylarda onu Nubaraşendəki psixatriya məhkəmə tibbi ekspertizasına gətirərkən bir dəfə görməyə və 5-6 dəqiqə danışmağa fürsəti olub. Fevral ayının sonlarında psixatriyaya gətirilərkən deyib ki, ana mən öldürmüşəm, məni mütəmadi olaraq incidirdilər.
Kənd icra nümayəndəsi hadisəni törədən həmkəndlisi olan əsgəri təbiətcə çox sakit bir insan kimi xarakterizə edib və onun belə bir hadisə törətdiyinə inanmağın çətin olduğunu qeyd edib.
Həmkəndliləri, həbs edilən əsgərin ovuclarında yanıq izlərinin olduğunu bildiriblər: "Deyirlər ki, bütün hərbi hissə onu incidirmiş. Onu aralarında otuzduraraq, siqaret çəkənlər ovucunu açıb, siqareti onun ovucunda söndürür, külünü də elə ovucuna tökürlərmiş".
Qonşularından biri qeyd edir ki, artıq bu fakt onu göstərir ki, hərbi hissədə onu incidənlər tək olmayıb.
Məhkəmə tibbi ekspertizasının rəyində də göstərilir ki, erməni əsgərin bədəninin müxtəlif nahiyyələrində yanıq, işgəncə izləri olub. Küt alətlə vurulma izləri açıq-aşkar nəzərə çarpır. Bütün bu xəsarət izlərini ilkin istintaq orqanı ölən Narek Adibekyanın adı ilə bağlayıb.
Həbs edilən hərbi qulluqçunun anası qeyd edir ki, oğlu döyüş növbətçiliyindən geri qayıtdıqdan sonra hər dəfə tibb məntəqəsinə qəbul olunurdu.
Ən azı 12 güllə atılmasına baxmayaraq, müstəntiq 6 giliz təqdim edib
Ekspert Ruben Martirosyan rəsmi ittihama şübhə ilə yanaşır. Ekspertizanın rəyi ilə tanış olarkən məlum olub ki, müstəntiqlər təqdim edilən zərfin içərisindəki gilizləri dəyişiblər. Bu fakt atəşin açıldığı silahın müəyyən edilməsi imkanını aradan qaldırmağa yönəlib.
Ekspertin rəyinə görə, hadisə yerində yalnız həbs edilən hərbi qulluqçu yox, ölən Adıbekyan və ya digər bir başqa şəxsdə atəş açıb.
"İlkin istintaq orqanı tərəfindən ən azı 6 giliz gizlədilib. Ən azı 12 güllə atılıb, ancaq müstəntiqlər ekspertlərə cəmi 6 giliz təqdim ediblər", - deyə ekspert qeyd edib.
Vəkil müstəntiqlərə qarşı şikayət təqdim etsə də, hələ də cavab almadığını bildirib.
Tibbi komissiyanın verdiyi rəyə görə, həbs edilən erməni hərbi qulluqçunun səhhətində problemlər olub, o, məhdudiyyətlə hərbi xidmətə yararlı hesab olunsa da, ön xətt mövqelərində döyüş növbətçiliyinə cəlb edilib və silahla davranıb.
Ölüm işində ittiham edilən hərbi qulluqçunu may ayının ortalarınadək Şuşadakı türmədə saxlayıblar. Ancaq indi onu Xankəndindəki, haqqında araşdırma olan hərbi qulluqçular üçün nəzərdə tutulmuş, kazarma şəraitli hərbi polisin nəzarət keçid məntəqəsinə qaytarıblar və hazırda hərbi xidmətini davam edir. Nə baş verdiyi, niyə onun oraya aparıldığı barədə məlumat verilmir.
3-cü qarnizon istintaq idarəsinin rəis müavini Artak Voskanyan qeyd edib ki, ittiham dəyişdirilməyib, istintaq barədə hər hansı məlumat verə bilməz. Lakin erməni vəkil bildirir ki, məhkəmə onun həbs müddətinin uzadılması barədə vəsadəti qəbul etmədiyinə görə, həbs edilən hərbi qulluqçunu Şuşa türməsindən hərbi polisə qətiriblər.
Alpər Mövludoğlu
Ordu.az